Cümə axşamı Rusiya Federasiyasının B.Yeltsin adına Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşinin Bakıdakı Prezident Kitabxanasında olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Prezident Kitabxanasından məlumat verilib.
Kitabxananın fondları, yaradılan elektron resursları və iş prinsipi ilə tanış olan qonaq rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib. A.Verşinin bildirib ki, əsası 2007-ci ildə qoyulan Boris Yeltsin adına Prezident Kitabxanası federal büdcədən maliyyələşdirilir və Rusiyada milli kitabxana statusuna malik olan üç kitabxanadan biridir.
Qonaq həmkarlarına bildirib ki, elektron kitabxana kimi fəaliyyət göstərən Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiyanın tarixi keçmişi, dövlətçilik ənənələri, görkəmli dövlət xadimləri ilə bağlı çoxsaylı elektron nəşrlər hazırlanıb. A.Verşinin qeyd edib ki, direktoru olduğu kitabxananın fondlarının əsasını nadir tarixi sənədlər və kitablar, əvvəllər istifadəsinə məhdudiyyət qoyulan arxiv sənədləri, çar Rusiyası dövrünün fərmanları, audio və videoxronikalar və s. təşkil edir.
Azərbaycan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov həmkarına son 10 il ərzində görülən işlər, yaradılan elektron resurslar haqqında ətraflı məlumat verib, təcrübə mübadiləsinin kitabxanaların fəaliyyətinin daha da yaxşılaşdırılması işində mühüm amil olduğunu vurğulayıb.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.