Bazar ertəsi Milli Məclisin payız sessiyası öz işinə başlayır.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlamentin ilk plenar iclasının gündəliyinə 41 məsələ daxildir.
Parlamentin ilk iş günündə deputatlar bir sıra ikitərəfli Azərbaycan-Rusiya sazişlərinin təsdiqi ilə bağlı məsələləri müzakirə edəcəklər. Söhbət “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlığa dair” və “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisinə dair” sazişlərdən gedir.
Milli Məclisin payız sessiyasının birinci plenar iclasının gündəliyinə “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, miqrasiya orqanları və bələdiyyələr haqqında qanunlara düzəlişlərin edilməsi barədə qanun layihələri, o cümlədən bir sıra məcəllələrə əlavə və dəyişikliklər daxildir.
Bundan başqa, müxtəlif dövlət medallarının, onların status və təsvirlərinin təsis edilməsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq.