Milli Məclis bazar ertəsi bir sıra Azərbaycan-Rusiya sazişlərini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
Parlamentin payız sessiyasının birinci plenar iclasında deputatlar “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nı, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlığa dair” sazişi və “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi” haqqında müqaviləni təsdiq ediblər.
Bundan başqa, parlament tərəfindən “Sosial müavinətlər haqqında” qanuna, eləcə də 20-yə yaxın müxtəlif dövlət medallarının, onların status və təsvirlərinin təsis edilməsi ilə bağlı qanun layihələrinə dəyişikliklər qəbul edilib.
Milli Məclisin payız sessiyasının birinci plenar iclasının gündəliyinə “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi haqqında”, miqrasiya orqanları və bələdiyyələrlə bağlı qanunlara düzəlişlərin edilməsi barədə qanun layihələri, o cümlədən bir sıra məcəllələrə əlavə və dəyişikliklər daxildir.