Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədr dövləti kimi təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Xarici işlər naziri Elmar Məmmədyarov belə bəyanatla BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə iştirakı zamanı çıxış edib.
E.Məmmədyarov birgə mədəni, tarixi və iqtisadi dəyərləri bölüşən üzv dövlətlərin bu amillər əsasında əməkdaşlığı daha da gücləndirmək üçün əlverişli imkanlara malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda o, üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Trans Avrasiya super informasiya magistralı layihələrinin kəsb etdiyi əhəmiyyəti qeyd edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlər arasında beynəlxalq arenada bir-birilərini dəstəkləmək üçün səmərəli platforma rolu oynadığını deyən nazir Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycana göstərilmiş dəstəyə görə üzv dövlətlərə təşəkkürünü ifadə edib.
E.Məmmədyarov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında Türkdilli Dövlətlərin Mədəniyyət və İrs Fondunun yaradılması təşəbbüsünü yaxından dəstəklədiyini bildirib.