Dünya Bankının (DB) Direktorlar Şurası kənd təsərrüfatı sektorunda rəqabətliliyin gücləndirilməsi ilə bağlı layihənin reallaşdırılması üçün Azərbaycana $34,5 mln. məbləğində kredit ayırıb. Bu barədə bankın saytında məlumat verilir.
Bankın kredit vəsaitləri 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb.
Layihənin məqsədi fitosanitar xidmətlərin gücləndirilməsi, aqrobiznes müəssisələri üçün maliyyə xidmətlərinin təqdim edilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışını asanlaşdırmaqdır.
Xəbər verildiyi kimi, layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və qablaşdırılmasından başlayaraq pərakəndə ticarət şəbəkəsinə çıxışına qədər tam istehsal və satış silsiləsinin yaradılması planlaşdırılır.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Əməkdaşlıq dövrü ərzində Azərbaycan hökuməti DB ilə 45 layihə üzrə ümumi məbləği $3,35 mlrd. təşkil edən kredit sazişləri imzalayıb.