Azərbaycan İpoteka Fondu (AİF) 20 mln. manat məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.
QKDK bu həftə AİF-in 20 mln. manat məbləğində istiqrazlarının yeddinci emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 20 min manat məbləğində təmin edilmiş istiqraza bölünüb.
Xəbər verildiyi kimi, AİF 2013-cü il avqustun 28-də 6-cı emissiyadan 40 mln. manat məbləğində istiqrazın yerləşdirilməsini başa çatdırıb.
2009-2013-cü illərdə AİF 6 emissiya çərçivəsində 280 mln. manat məbləğində istiqraz yerləşdirib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.