Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2013-cü ilin doqquz ayı ərzində 322 cinayət işinin ibtidai araşdırmasını həyata keçirib. Onlardan 250 şəxs barəsində 137 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəməyə göndərilən bütün işlər mahiyyəti üzrə baxılaraq ittiham hökmləri çıxarılıb və əmlak üzərinə 3,358 mln. manat məbləğində həbs qoyulub. Bu barədə baş prokuror Zakir Qaralovun parlanmentin rəsmi orqanı olan “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirilir.
Fiziki və hüquqi şəxslərə vurulan 14,422 mln. manat ziyanın ödənilməsi təmin edilib.
Məqalədə qeyd edilir ki, İdarə hazırlanan hüquq pozuntuları barədə daxil olan məlumatlara operativ reaksiya verir. Belə ki, zamanında həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ilin doqquz ayı ərzində korrupsiya cinayətləri törədən 31 şəxs cinayət başında yaxalanıb. Bununla əlaqədar barələrində 23 cinayət işi başlanaraq istintaq edilib.
Z.Qaralovun sözlərinə görə, İdarəyə respublikanın hüquq-mühafizə orqanlarında korrupsiya faktları ilə bağlı daxil olan 46 materialdan 34-ü üzrə cinayət işi başlanaraq istintaq aparılır. Bu, əvvəlki illərdə olduğundan xeyli çoxdur. Belə ki, hüquq-mühafizə orqanlarından 2010-cu ildə daxil olan 14 materialdan 13-ü üzrə, 2011-ci ildə daxil olan 22 materialdan 19-u üzrə, 2012-ci ildə daxil olan 29 materialdan 27-si üzrə cinayət işi başlanıb istintaq edilib.
Z.Qaralovun qeyd etdiyi kimi, Azərbaycanda törədilən cinayətlərin azalma dinamikası müşahidə olunur. Belə ki, 2012-ci ildə ölkədə cinayətlərin ümumi sayı 2011-ci il ilə nisbətən 9,8% azalıb. Həmçinin zorlama və zorlamaya cəhd 22,1%, quldurluq 13,7%, soyğunçuluq 17,6%, əmlakın oğurlanması cinayətləri isə 15,5% azalıb.
Baş prokuror vurğulayır ki, Azərbaycanda törədilən cinayətlərin sayının azalma dinamikası 2013-cü ildə də müşahidə olunur. Belə ki, ilk altı ay ərzində ölkədə 10929 cinayət törədilib, bu isə 2012-ci ilin analoji dövrü ilə müqayisədə 8,6% azdır (ilk altı ay ərzində 11953 cinayət).
Cari ilin birinci yarısında Azərbaycanda törədilən cinayətlərin 86,9%-nin açılması təmin edilib.
Baş prokurorun məqaləsində qeyd edilir ki, hər 100 min nəfərə orta hesabla 250 cinayət düşür ki, bu da bir sıra digər ölkələrdə olan müvafiq göstəricidən xeyli aşağıdır. Ağır cinayətlər Azərbaycanda törədilən cinayətlərin ümumi sayından təxminən 10% təşkil edir.
Z.Qaralov qeyd edir ki, Azərbaycanda qəsdən adam öldürmə və ona cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətlərinin əhalinin hər 100 min nəfərinə düşən sayı əksər Avropa, Amerika və Asiya dövlətlərində olduğundan dəfələrlə azdır.