Azərbaycan rus dilinin şərəfli yerdə durduğu ölkədir və bu dili bilmək yüksək qiymətləndirilir. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda gənc rus dili müəllimlərinin, aspirantların və rusist tələbələrin "MDB-də inteqrasiya proseslərinin inkişafının əsası olan rus dilinə dəstək" mövzusunda Beynəlxalq regional forumunda bildirib.
“Bu tədbir sübut edir ki, rus dilinin qorunması istiqamətində uğurlu iş aparılır”, - deyə səfir bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yüksək səviyyəli rusistlərdən ibarət kollektiv yaradılıb və siyasi, iqtisadi və hüquqi şərtlər rus dilini öyrənməyə imkan verir.
L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetinin rektoru Vladimir Panin təbrik nitqi ilə forum iştirakçılarına müraciət edib.
“Rus dili MDB məkanında yaşayan insanların mədəniyyətlərarası ünsiyyəti üçün ən güclü vasitədir”, - deyə V.Panin bildirib.
O, həmçinin əlavə edib ki, forum tələbə, müəllim, metodika və elmi nailiyyətlər mübadiləsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.
Forumun işində Azərbaycan, Gürcüstan və Rusiya nümayəndələri iştirak edirlər. Təşkilatçıları "Rossotrudniçestvo" və L.N.Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetidir (TDPU).
Forum çərçivəsində tədbirlərin çoxu Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) keçiriləcək. Dörd gün ərzində forumun iştirakçıları elmi-praktik konfransda, rus dili və ədəbiyyatı üzrə açıq dərslərdə, metodiki seminarlarda və viktorinalarda iştirak edəcəklər. TDPU-nun müəllimləri və professorları Bakı Slavyan Universitetinin və Bakı Dövlət Universitetinin gənc pedaqoqları və magistrantları üçün ustad dərsləri keçəcəklər.
Forum zamanı RİMM-in binasında müasir metodiki tədris, məlumat və elmi-kütləvi ədəbiyyat sərgisi fəaliyyət göstərəcək.