MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda Azərbaycanın daxili işlər naziri Ramil Usubovla oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlığın gedişini müzakirə edib.
Missiyanın məlumatında bildirildiyi kimi, görüş zamanı R.Usubov məlumat verib ki, hüquq- mühafizə orqanları tərəfindən seçki kampaniyası dövründə ictimai təhlükəsizliyin təmin olunması üçün lazımi tədbirlər görülüb. Bu məqsədlə DİN polis orqanlarının şəxsi heyəti üçün xüsusi seminarlar və treninqlər keçirib.
Məlumata görə, MDB-dən olan uzunmüddətli müşahidəçilər respublikanın regionlarında dairə və məntəqə seçki komissiyalarının işi ilə tanış olmaqda davam edirlər. Onlar 85 (Şamaxı), 86 (İsmayıllı), 48 (Yevlax), 100 və 101 (Daşkəsən), 107 (Qazax), 106 və 108 (Ağstafa), 70, 71 və 75 (Masallı), 58 (Hacıqabul), 57 (Kürdəmir) və 87 saylı (Ağsu) dairə seçki komissiyaları və bu dairələrin məntəqə komissiyalarında olublar. Müşahidəçilər əmin olublar ki, seçki məntəqlərinin seçkilər haqqında qanunvericilik aktları, zəruri metodik tövsiyələr, təlimatlar, informasiya materialları, texnika, o cümlədən şəffaf seçki qutuları daxil olmaqla müvafiq avadanlıqla təmin edilməsi istiqamətində işlər başa çatıb. Zəruri hallarda səsvermə günü seçkilərdə fiziki imkanları məhdud şəxslərin iştirakını təmin etmək məqsədilə panduslar quraşdırlacaq.
Missiyanın nümayəndələri dairə seçki komissiyalarına səfər zamanı seçici siyahılarının dəqiqləşdirilməsi istiqamətində aparılan işlə tanış olublar.