S.Saqsyan harada və kim olaraq çıxış etdiyini unudur. Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə Ermənistan prezidentinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunasından etdiyi bəyanatı şərh edərkən söyləyib.
“Ermənistan prezidenti unudub ki, o, artıq çoxdan səhra komandiri deyil, dövlət başçısıdır və onun AŞPA tribunasından səsləndirdiyi təhdidlər onun özünü və ona bu tribunada çıxış etmək imkanı verən təşkilatı alçaldır”,- deyə diplomat vurğulayıb.
Çərşənbə günü AŞPA-nın payız sessiyasında çıxış edən Ermənistan prezidenti S.Sarqsyan Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidova etirazını bildirib və onun ünvanına ittihamlar səsləndirib: “Siz deyirsiniz ki, Azərbaycanın ərazisi işğal edilib. Buna cavab olaraq mən deyirəm: əgər Azərbaycan münaqişəni güc yolu ilə həll etmək istəyirsə, o zaman torpaqlarının 20 faizini deyil, 25 və daha çox hissəsini itirə bilər”.
R.Musabəyovun sözlərinə görə, Ermənistan prezidentinin belə həyasız bəyanatla çıxış etməsi onun Ermənistanın Gömrük İttifaqına daxil olması mümkünlüyünün Fransada böyük etirazla qarşılanması ilə əlaqədar ola bilər.
“Bu, Ermənistanın sosial, iqtisadi vəziyyəti və xarici siyasi mövqeyinin əhəmiyyətli dərəcədə zəiflədiyi bir şəraitdə əsəbi bir reaksiyadır”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Avropa parlamentariləri Ermənistan prezidentinin bəyanatına cavab verməsə də, bu, beynəlxalq birliyin diqqətindən kənarda qalmadı.
“AŞPA-da mədəni insanlar toplaşıb. Orada belə hallarda prezidentlər etiraz edə bilməz. Lakin düşünürəm ki, dövlət başçısına deyil, səhra komandirinə yaraşan bu çıxış diqqətdən kənarda qalmadı”, - deyə ekspert bildirib. O hesab edir ki, Ermənistan prezidentinin AŞPA tribunasından səsləndirdiyi açıq-aydın təhdidləri "kişilənmə" kimi qəbul etmək lazımdır.
“Bu, ötkəmlikdir. Bu münaqişədə hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Bu gün Azərbaycan və Ermənistanın real gücləri müqayisə olunmazdır. Mən hələ beyəlxalq hüquq barədə danışmıram. Və faktiki olaraq onun “özünü igid göstərməsi” xaricdən kömək almaq ümidlərinə hesablanıb. Lakin mən bu kontekstdə onun xaricdən dəstək ala biləcəyinə çox şübhə edirəm”, - deyə R.Musabəyov vurğulayıb.