Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident pasientlər üçün xəstəxanada yaradılan şəraitlə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.
İ.Əliyev həmçinin Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev meydanda görülmüş abadlıq işləri barədə İ.Əliyevə məlumat verib.
Dövlət başçısı Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə maraqlanıb, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.
İ.Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib.
İqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub.
Bundan başqa, dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib.
SOCAR-ın prezidenti R.Abdullayev məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir.
Prezident Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib.
Sumqayıta səfər zamanı İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İ.Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.