Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Almaniyada 62-ci Mannheim-Heidelberg Beynəlxalq kinofestivalına dəvət alıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Beynəlxalq kinofestival oktyabrın 30-dan noyabrın 10-dək keçiriləcək.
Bədii film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur, bəstəkar Rauf Əliyev, prodüsserlər Müşfiq Hətəmov və Azər Quliyevdir.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Film şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda, onunla sıx təmasda yaşayan gənc çölçü haqqındadır. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Atasının ölümündən çox keçməmiş o, qəsəbədən gələn bir qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni bir səhifə, indiyədək tanımadığı yaşam tərzinə doğru atılmış böyük bir addımdır.