Cümə axşamı “Naxçıvan” Sərhəd Diviziyasında keçirilən seminarda hərbi hissələrdə məntəqə seçki komissiyalarının yaradılması və hərbçilərin seçki hüquqları ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Hərbi qulluqçular da hər bir Azərbaycan Respublikası vətəndaşı kimi Konstitusiyada təsbit olunmuş seçki hüququna malikdirlər və bu hüquqları həyata keçirərkən eyni hüquq və vəzifələrə malik olurlar”, - deyə Naxçıvan MR-in insan hüquqları üzrə müvəkkili Ülkər Bayramova seminar-müşavirədə bildirib. O, tədbir iştirakçılarına hərbçilərin Konstitusiya, Seçki Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” qanunun müvafiq maddələrində yer almış seçki hüquqları barədə ətraflı məlumat verib.
Seminarda çıxış edən Naxçıvan MR Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov hərbi qulluqçuların seçki hüquqlarının həyata keçirilməsinin qanunvericilik əsasları, hərbi hissələrdə səsvermənin təşkili barədə danışıblar. Qeyd edilib ki, hərbi qulluqçular hərbi hissənin yerləşdiyi ərazidə yaradılan ümumi seçki məntəqələrində səs verirlər. Yaşayış məntəqələrindən kənarda yerləşən hərbi hissələrdə seçki məntəqələrinin yaradılmasına yalnız o halda yol verilir ki, hərbi qulluqçuların ümumi seçki məntəqələrinə ictimai nəqliyyatla çatdırılması üçün 1 saatdan çox vaxt lazım olsun və hərbi qulluqçuların ümumi sayı 50-dən artıq olsun. Seminarda həmçinin sözügedən məntəqələrdə məntəqə seçki komissiyalarının yaradılması və hərbi qulluqçu olan seçicilərin və onların ailə üzvlərinin siyahılarının tərtib edilməsi məsələlərinə də toxunulub.