Mərkəzi Seçki Komissiyası Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənlinin Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyini ləğv etmək barədə xahişini təmin etməyib.
Cümə axşamı MSK C.Həsənlinin müraciətinə baxıb. Müraciətdə qeyd edilib ki, H.Hacıyev İctimai Televiziyanın canlı efirində seçkiqabağı debatlar zamanı onun ünvanına təhqirlər yağdırıb və hədələyib. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verib.
Bununla bağlı C.Həsənli MSK-dan H.Hacıyevin prezidentliyə namizədliyini ləğv etməyi tələb edib.
İclasda qeyd edilib ki, prezidentliyə namizədlərin çıxışlarının videoyazılarının öyrənilməsi prosesində H.Hacıyevin C.Həsənlini təhdid etməsi barədə şikayətlər öz sübutunu tapmayıb. Bununla əlaqədar müxalifətin vahid namizədinin müraciəti əsassız hesab olunub və MSK Milli Şuranın nümayəndəsinin Müasir Müsavat Partiyası sədrinin prezidentliyə namizədliyinin ləğv edilməsi ilə bağlı şikayətini təmin etməkdən imtina edib.
İclasda həmçinin seçkilər günü seçki məntəqələrində veb-kameraların istifadəsinin əhəmiyyəti qeyd olunub.
“Müasir texnologiyalardan istifadə seçkilərin şəffaflığının təmin olunmasına imkan verir”, - deyə MSK sədri Məzahir Pənahov vurğulayıb.
Qeyd edilib ki, oktyabrın 9-da prezident seçkilərində seçki prosesinin şəffaflığının təmin olunması məqsədilə 1 min seçki məntəqəsində quraşdırılan veb-kameralardan istifadə olunacaq.