Kapital Bankın MasterCard sahibləri üçün yeni şans yaranıb. Onlar MasterCardın Kapital Bankla birgə oktyabrın 1-dən elan etdiyi lotereyada həm özlərinə, həm də övladlarına xoş bir hədiyyə qazana bilərlər. Lotereya “MasterCardla alış-veriş edin, övladınız üçün qiymətsiz mascot təcrübəsi qazanın və UEFA Çempionlar Liqası oyununu canlı izləyin!” devizi altında keçirilir. Burada Azərbaycandakı bütün “MasterCard” sahibləri iştirak edə bilərlər.
Oktyabrın 1-dən 31-ə qədər Azərbaycan ərazisində istənilən “MasterCard” ödəniş kartı vasitəsilə hər hansı alış-veriş həyata keçirən bütün müştərilər lotereyanın iştirakçıları sayılır. Kart sahibi tərəfindən həmin kartlar vasitəsilə edilmiş hər bir ödəniş əməliyyatına 1 müvafiq identifikasiya nömrəsi verilir. Hər nömrə 1 uduş şansı deməkdir.
Lotereyanın 3 qalibi olacaq. Onlar xüsusi proqram təminatının köməyi ilə, təsadüfi seçim prinsipi əsasında müəyyənləşdiriləcəklər. Uduş fondunda 3 hədiyyə paketi var. Hər paketə UEFA Çempionlar Liqasının 10 dekabr 2013-ci ildə Türkiyədə keçiriləcək oyununa 2 ədəd dəvətnamə (biri qalib, digəri qalibi müşayiət edən uşaq üçün), 2 nəfərlik 1 gecəlik otel, transfer xərcləri də daxil olmaqla 2 nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir.
Hər bir qalib oyunda sıra düzülüşündə iştirak etməsi üçün özü ilə bir uşaq gətirməlidir. Buna görə də qalibi müşayiət edən ikinci şəxs, yaşı 7-9 arası, 110-130 sm boya malik uşaq olmalıdır. Kampaniya barədə ətraflı məlumatı Kapital Bankın 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.