Daxili İşlər Nazirliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində üç vətəndaşımızın minaya düşməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin rəsmi saytında dərc edilmiş məlumata görə, oktyabrın 6-da saat 10:30 radələrində Qazax rayon sakinləri Vəzir Əliyev, Xəqani Məhərrəmov və Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.
Baş verən partlayış nəticəsində Ə.Əliyev hadisə yerində həlak olub. Onun meyiti həmin ərazidə qalıb. Xəsarət alan X.Məhərrəmov və V.Əliyev isə xəstəxanaya yerləşdiriliblər.
Bununla yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib ki, BQXK-nın nümayəndələri hər iki ölkənin səlahiyyətli orqanları ilə danışıqlara başlayıb.
“Baş verən hadisə ilə bağlı məlumatımız var. BQXK nümayəndələri artıq Qazax rayonuna gediblər. Komitə insidentlə əlaqədar hər iki ölkənin səlahiyyətli orqanları ilə danışıqlar aparır”, - deyə İ.Hüseynova məlumat verib.