Azərbaycanlı deputatlar oktyabrın 3-də Brüsseldə Avropa Parlamentinin binasında Azərbaycana qarşı keçirilən tədbiri pisləyiblər.
“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda Avropa Parlamentinin binasında ölkəmizə qarşı yönələn tədbirlər keçirilir, bu isə yolverilməzdir”, - deyə Milli Məclisin deputatı Fuad Muradov bazar ertəsi mətbuat konfransında bəyan edib.
F.Muradov həmkarları Asim Mollazadə və Çingiz Əsədullayev ilə birgə Avropa Parlamentinin üzvü və Avropa Liberallar İttifaqının nümayəndəsi Gerben Jan Gerbrandinin təşkil etdiyi “Azərbaycanda prezident seçkiləri: Odlar yurdu üçün hansı gələcək?” adlı seminarda iştirak ediblər.
Hər üç deputatın sözlərinə görə, Azərbaycana qarşı yönəlmiş bu tədbir respublikamızın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoyub.
“Cari ilin noyabr ayında Vilnüsdə Avropa İttifaqının «Şərq tərəfdaşlığı» Proqramı ölkələrinin sammiti keçiriləcək. Bununla əlaqədar biz Avronest Parlament Assambleyası və «Şərq tərəfdaşlığı» çərçivəsində Brüsseldə bir sıra görüşlər keçirdik. Bu şəhərdə olarkən bizə məlum oldu ki, oktyabrın 3-də, Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Avropa Parlamentinin binasında ölkəmizə həsr olunan seminar keçiriləcək. Seminarın proqramı ilə tanışlıq zamanı tədbirin gündəliyində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükəli olan mənfi meyllər hiss etdik. Bununla əlaqədar tədbirdə iştirak etmək qərarına gəldik”, - deyə F.Muradov bildirib.
Onun sözlərinə görə, baxmayaraq ki, tədbirin formatı, guya Azərbaycanda prezident seçkilərinin müzakirəsi və Azərbaycan dövləti ilə Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuşdu, əslində seminar açıq şəkildə ölkəmizə qarşı planlaşdırılmış təxribat xarakteri daşıyırdı. Bura separatçı meyllərin dəstəklənməsi, həmçinin Azərbaycanda milli azlıqların nümayəndələrinin təqibi və onların hüquqlarının pozulması kimi əsassız ittihamlar daxil idi.
F.Muradov qeyd edib ki, açıq şəkildə Azərbaycana qarşı yönələn tədbirin iştirakçıları arasında Müsavat Partiyasının sədri İsa Qəmbər də var idi.
“Tədbir tamamilə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmişdi. Biz öz etirazımızı bildirdik və çıxışlarımızda faktlara əsaslanaraq iştirakçıların seminarda çıxış etdikləri bəyanatların yanlışlığını sübut etdik”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
A.Mollazadə mətbuat konfransında bəyan edib ki, Avropa Parlamentinin binasında seminar Aərbaycanın və GUAM-a (Gürcüstan, Ukrayna, Moldova – İF-Az) üzv-ölkələrin Avropa məkanına inteqrasiya etmək cəhdlərinə əngəl törətmək və onları Gömrük və Avrasiya ittifaqlarına daxil olmağa yönəltmək məqsədilə təşkil edilib.
“Tədbirdə çıxış edənlər bəyan ediblər ki, Azərbaycanda milli azlıqların hüquqları kobud şəkildə
pozulur. Mən çıxışımda Azərbaycanın mənəvi dəyərləri barədə məlumat verdim. Bəyan etdim ki, ölkəmizdə milli azlıqların hüquq və maraqlarının təmin edilməsinə yönələn dövlət proqramları reallaşdırılıb və reallaşdırılır. Azərbaycan bütün millət və dinlərin nümayəndələrinə qarşı tolerant münasibəti ilə fərqlənir”, - deyə A.Mollazadə vurğulayıb.
Deputatın sözlərinə görə, onlar Avropa Parlamentinin binasını tərk edərkən yaxınlıqdakı meydanda Azərbaycan əleyhinə tədbirin keçirilməsinə etiraz edən yüzlərlə azərbaycanlı ilə qarşılaşıblar.