MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda 9 oktyabr prezident seçkilərinə hazırlığın ideal səviyyədə olması qənaətindədir.
“Biz seçkilərə ideal hazırlıq həyata keçirildiyini söyləyə bilərik. Azərbaycan hökuməti bu prosesə ciddi hazırlaşıb. Seçkiqabağı kampaniya zamanı prezidentliyə 10 namizədin hər biri üçün bərabər şərait yaradılıb”, - deyə Mərkəzi Seçki Komissiyasının Müstəqil Mətbuat Mərkəzinin məlumatında S.Lebedevə istinadən xəbər verilir.
Onun sözlərinə görə, seçki məntəqələri səsvermə üçün tam hazırdır.
“Biz əminik ki, bu və digər amillər azad, demokratik, şəffaf və ədalətli seçkilər üçün zəmin yaradıb və seçkilər uğurla başa çatacaq”, - deyə S.Lebedev bildirib.
MDB müşahidə missiyası sentyabrın 10-dan Azərbaycandadır. Daimi missiyanın 20 üzvü Bakıda və Azərbaycanın regionlarında bir neçə təşkilatın rəhbərləri və məsul şəxsləri ilə görüşlər keçirib, seçkilərə hazırlığın gedişi barədə məlumat toplayıblar.
S.Lebedevin sözlərinə görə, MDB müşahidə missiyasının 300-ə yaxın üzvü də seçkiqabağı vəziyyətlə tanış olacaq və Azərbaycanın regionlarında səsvermə prosesinə nəzarət edəcək.