Yaxın 15-17 ildə Azərbaycanın ilk telekommunikasiya peykinin (“Azərspase-1”) istismarından $600 mln. gəlir əldə olunacaq. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "New Baku Post" qəzetinə müsahibəsində bəyan edib.
“Peyk maddi və qeyri-maddi gəlirlər gətirir. Proqnozlarımıza görə, yaxın 15-17 ildə peykin istismarından əldə edilən gəlir $600 mln. təşkil edəcək”, - deyə E.Vəlizadə bildirib.
Onun sözlərinə görə, peykin mövcudluğu, ilk növbədə digər ölkələrdən informasiya asılılığının azalmasına şərait yaradır və informasiya təhlükəsizliyinin güclənməsinə imkan verir, ölkənin intellektual potensialını inkişaf etdirir, innovativ iqtisadiyyatı formalaşdırır, göstərilən xidmətlərin keyfiyyətini artırır.
“Azərspase-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
Xərclərin 5-7 il ərzində çıxarılacağı, peykin istismar olunacağı sonrakı 15 il müddətində isə xalis mənfəət gətirəcəyi ehtimal olunur.
RİTN mütəxəssislərinin fikrincə, milli peykin mövcudluğu keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etməyə, kanalların sayını artırmağa imkan verəcək.