Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu (MASMQ) qeyd edir ki, Azərbaycanın seçki qanunvericiliyi ədalətli və şəffaf prezident seçkilərinin keçirilməsinə imkan yaradır.
“Azərbaycanın Seçki Məcəlləsinin əsas müddəaları demokratiya prinsiplərinə uyğundur”, - deyə təşkilatın Litvadan olan nümayəndəsi, jurnalist Arturas Mankeviçius çərşənbə axşamı mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Seçki Məcəlləsində beynəlxalq müşahidəçilərə böyük diqqət ayrılıb.
“Seçki Məcəlləsinin müddəalarının tətbiqi Azərbaycanda seçkilərə şəffaf hazırlıq prosesinin təşkilinə, seçki günü səsvermənin keçirilməsinə və səslərin hesablanmasına imkan verir, seçkilərin tam şəffaflığını təmin edir. Ümid edirik ki, sabah biz bunun şahidi olacağıq”, - deyə A.Mankeviçius vurğulayıb.
MASMQ-nin Estoniyadan olan nümayəndəsi Nikolay Meynert bildirib ki, bu, onun Azərbaycana ilk səfəri deyil və ölkədə baş verən proseslərdən xəbərdardır.
“Mən 2008-ci ildə Azərbaycanda prezident seçkilərini müşahidə etmişəm. Qrupumuza 30-a yaxın şəxs daxildir, onlardan 12-si Azərbaycana bu gün gəlib”, - deyə N.Meynert qeyd edib.
Onun sözlərinə görə, təmsil etdiyi qrup səsvermə prosesinin keçirilməsi üçün yaradılan şəraitlə tanış olmaq məqsədilə bazar ertəsi və çərşənbə axşamı bir sıra seçki məntəqələrində olub.
MASMQ-nin Belçikadan olan nümayəndəsi Yohan Dekmin deyib ki, seçki məntəqələrindən birində olarkən öz adını beynəlxalq müşahidəçilər siyahısında tapıb.
“Lakin adımla yanaşı 2008-ci il qeyd olunmuşdu. Xahişimdən sonra rəqəmi düzəldərək 2013 etdilər. İradıma dərhal reaksiya verilməsi Azərbaycanda şəffaf seçkilərin keçirilməsinə hazırlığı sübut edir”, - deyə belçikalı müşahidəçi vurğulayıb.