Çərşənbə axşamı xarici işlər naziri Elmar Məmmədyarovun Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlaçi ilə görüşü zamanı oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi müzakirə olunub.
XİN mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkədə müşahidəçilərin fəaliyyəti üçün yaradılan şərait müzakirə olunub. Danışıqlar zamanı Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti ilə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
E.Məmmədyarov qonaqlara Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, əldə edilən iqtisadi və siyasi sabitlik, burada həyata keçirilən iri layihələr və respublikanın regionun inkişafına verdiyi töhfələr barədə məlumat verib.
Qarabağ münaqişəsinə toxunan nazir bəyan edib ki, hazırkı status-kvo qəbuledilməzdir və münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.
P.Arlaçi bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdardır.