Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun təşkil edilib. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzinin məlumatına görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşdə bəyan edib.
“Biz seçki məntəqələrində heç bir qanun pozuntusu görmədik”, - deyə o qeyd edib. V.Çurov respublikadakı seçki proseduru ilə tanış olduğunu söyləyib.
“Biz bir sıra seçki dairə və məntəqələrində olduq. Seçkilər çox gözəl təşkil edilib. Müşahidəçilər və jurnalistlər fəaliyyətləri zamanı problemlərlə üzləşmirlər. Səsvermə adi rejimdə keçir. Bizim ilk təəssüratımız müsbətdir”,- deyə o bildirib.
M.Pənahov rusiyalı həmkarına seçkilərə hazırlıq prosesi və səsvermənin təşkili barədə məlumat verərək söyləyib ki, bu prosesin şəffaflığının təmin edilməsi üçün bütün tədbirlər görülüb. Onun sözlərinə görə, müşahidəçilər üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, istənilən şəxsin internet vasitəsi ilə səsvermə prosesini əvvəldən axıra qədər izləməsinə imkan yaratmaq üçün seçki məntəqələrinin 20%-də veb-kameralar quraşdırılıb.