Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri bu dövlətin böyük nailiyyətidir. Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina belə hesab edir.
“Mən Azərbaycanda seçkiləri ilk dəfə müşahidə etmirəm və deyə bilərəm ki, burada bu cür tədbirlər yüksək səviyyədə keçirilir. Üstəlik son illər texniki baza da yaxşılaşıb. Biz onlayn rejimdə bütün nəticələri görürük. Mahiyyət etibarilə informasiya nə qədər tez verilirsə, prosesə dair suallar da az olur”, - deyə L.Yermoşina “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, “seçkilər düzgün keçirilir və mən hesab edirəm ki, bu, ilk növbədə MSK-nın bütün heyətinin, eləcə də bu işlərə vəsait ayıran hökumətin nailiyyətidir”.
Belarus MSK sədri qeyd edib ki, Azərbaycan MDB-də seçki məntəqlərinə veb-kamera sistemi tətbiq etmiş ilk ölkədir, “bildiyiniz kimi, sonra Rusiya da bu yolla getdi”.
O, həmçinin söyləyib ki, səfər çərçivəsində azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşü zamanı beynəlxalq müşahidə missiyaları arasında qarşılıqlı münasibətlə bağlı məsələləri müzakirə ediblər.
“Ağrılı məsələ barədə söhbət getdi. Beynəlxalq müşahidə missiyaları, xüsusən ATƏT missiyası ilə qarşılıqlı münasibətlər haqqında danışıldı. Belarusun təəssüf ki, belə münasibətlərdə mənfi təcrübəsi var və buna görə deyə bilərəm ki, missiyanın hazırladığı müəyyən məsələlər bütün ölkələrdə eynidir. Bu missiyanın Azərbaycana dair aralıq hesabatlarında əksini tapan bəndlərlə Belarus da qarşılaşıb. Bu o deməkdir ki, bu mütəxəssilər ilk olaraq mənasız ştamplarla fikir yürüdürlər və təəssüf ki, çox vaxt yoxlanılmamış məlumatlara əsaslanırlar”, - deyə L.Yermoşina söyləyib.