Bu gün saat 8.00-da işə başlayan seçki məntəqələri saat 19.00-da bağlanıb.
Azərbaycan vətəndaşları 10 namizəd arasından ölkə prezidentini seçiblər.
MSK sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərinin lideri səsvermə günü saat 23:00-a qədər məlum olacaq.
İndiki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Ümid Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadə, Ana Vətən Partiyasının keçmiş sədr müavini, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev, Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Sərdar Cəlaloğlu yaxın beş ildə prezident postuna iddiaçıdırlar.
Seçkilər istənilən sayda seçicinin iştirakı ilə baş tutmuş hesab edilir.
Konstitusiyaya müvafiq olaraq seçkilərdə iştirak etmiş seçicilərin səslərinin yarıdan çoxunu qazanmış namizəd Azərbaycan Respublikasının prezidenti seçilmiş hesab olunur. Əgər prezidentliyə namizədlərdən heç biri yetərli qədər səs toplaya bilməyibsə, MSK-nın qərarı ilə ən çox səs toplamış iki namizəd arasında yenidən səsvermə keçirilir.
Yeni seçilmiş prezident Konstusiya məhkəməsi tərəfindən səsvermənin nəticələri rəsmən elan edildiyi andan etibarən 3 gün ərzində and içir və vəzifəsinin icrasına başlayır.