Azərbaycanda prezident seçkiləri demokratik mühitdə və yüksək səviyyədə keçirilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.
“Ümumilikdə, proses çox mütəşəkkil, yüksək səviyyədə keçib”, - deyə M.Pənahov cümə axşamına keçən gecə mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, 5 min 492 məntəqənin hamısında seçkilər baş tutub.
“Gün ərzində heç bir dairədə, hətta məntəqə səviyyəsində nəticələrə kölgə sala biləcək hansısa ciddi bir pozuntu halının baş verməsi ilə bağlı məlumatlar daxil olmayıb”, - deyə MSK sədri qeyd edib.
“Sevindirici haldır ki, çoxsaylı müxtəlif beynəlxalq müşahidəçilərin, müxtəlif dövlətlərin yəni, ABŞ, Şərqi Avropa dövlətləri daxil olmaqla seçki qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin hamısının yekdil rəyi belə olub ki, seçkilər yüksək səviyyədə keçib”, - deyə o vurğulayıb.