Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri bəyan edirlər ki, oktyabrın 9-da keçirilən prezident seçkiləri beynəlxalq standartlara uyğun olub.
“Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilib”, - deyə TürkPA müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək cümə axşamı mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, TürkPA-nın nümayəndə heyəti üzvlərinin seçkilərin monitorinqini keçirdiyi yerlərdə heç bir böyük problem qeydə alınmayıb.
“Seçkilərin nəticələrinə təsir etməyən bəzi texniki çatışmazlıqları qeyd etmək olar”, - deyə vurğulayan H.İpək əlavə edib ki, seçki məntəqələrində veb-kameralardan istifadə seçkilərin şəffaflığının təmin olunmasında öz rolunu oynayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, Şuranın müşahidə missiyasının rəhbəri Xəlil Akıncı isə bəyan edib ki, bu seçkilər texniki imkanlarına görə ən yaxşı seçkilər olub.
“Biz seçkilərdə qələbə qazanan Azərbaycan prezidentini təbrik edirik”, - deyə o bildirib.