Azərbaycanda prezident seçkilərini müşahidə edən beynəlxalq missiyalar seçki prosesinin demokratikliyini qeyd edirlər.
Fransa parlamentinin deputatı, bu ölkənin müşahidə missiyasının rəhbəri Natali Qule
bildirib ki, dünən keçirilən seçkilərdə heç bir mənfi faktla qarşılaşmayıb.
“İşlədiyimiz yerlərdə heç bir mənfi və ya qeyri-adi hadisə görmədik”, - deyə N.Qule cümə axşamı keçirilən mətbuat konfransında bildirib. Parlamentarinin sözlərinə görə, o, Azərbaycanı yaxşı tanıyır və son 10 ildə burada seçkilərin keçirilməsində irəliləyiş olduğunu müşahidə edir.
Sözügedən missiyanın dügər üzvü Məhəmməd Salihi qeyd edib ki, öz ölkəsində və Azərbaycanda keçirilən seçkilər arasında fərq görmür. Yalnız bir istisna hal var. “Mən öz ölkəmdə bu qədər müşahidəçi görməmişəm”.
Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Petar Kanev bildirib ki, hələ texniki baxımdan bu qədər yaxşı təşkil edilmiş seçkilər görməyib.
“Seçkilər beynəlxalq standartlara uyğun olaraq keçirilib”, - deyə o söyləyib.
Adı çəkilən missiyanın üzvləri seçkilərin yüksək səviyyədə təşkil edildiyini və seçicilərin yüksək fəallıq nümayiş etdirdiklərini qeyd ediblər.
Mərkəzi Avropa Siyasi Monitorinq Qrupunun üzvü Nikolay Meynert hesab edir ki, seçkilərin nəticələri seçicilərin iradəsini əks etdirir.
“Əlbəttə, bəzi texniki səhvlər oldu, lakin onlardan heç biri seçkilərin nəticələrinə təsir göstərmədi”, - deyə o bəyan edib.
Həmin missiyanın üzvü Gerhard Huber seçkilərin lazımi səviyyədə təşkil edildiyini vurğulayıb.
Missiyanın digər üzvü Nikolas Qriffin isə bildirib ki, Azərbaycanda keçirilən seçkilər daha ədalətli və acıq olub.