2013-cü ilin sentyabr ayında Azərbaycanda inflyasiya avqust ayı ilə müqayisədə 0,1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Sentyabr ayında ərzaq məhsullarının qiymətləri 0,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% bahalaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.
Ay ərzində çörəyin, qarabaşaq yarmasının, almanın, armudun, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, bibərin, kələmin, çuğundurun, kökün, göyərtinin, soğanın, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, mal və qoyun ətinin, toyuq ətinin, kolbasa məmulatlarının, düyünün, makaronun, süd və süd məhsullarının, yumurtanın, kərə yağının, kartofun, göy lobyanın, badımcanın, limonun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Sentyabr ayında qeyri-ərzaq mallarından minik avtomobilinin, iri alət və avadanlıqların, inşaat materiallarından parketin, sementin qiymətləri ucuzlaşıb. Ay ərzində geyim və ayaqqabının, xalça və digər döşəmə örtüklərinin, məişət cihazlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.
Azərbaycan hökuməti 2013-cü ildə orta illik inflyasiyanı 3,3% səviyyəsində proqnozlaşdırır.
2012-ci ilin yekunları üzrə orta illik inflyasiya 1,1% təşkil edib.