Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili tamam olan, qüsursuz xidmət edən daha 25 hərbi qulluqçuya dövlət hesabına mənzil veriləcək. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Nazirliyin məlumatına görə, Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib.
“İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunan hərbi qulluqçulardan daha 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.
Komissiya tərəfindən mənzillə təmin olunacaq hərbi qulluqçuların müəyyən edilməsində aşağıdakı meyarlardan istifadə olunur: hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və xidmət dövründə mənzillə təmin olunma.
Komissiyanın sədri maliyyə naziri Samir Şərifovdur.