Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakı Sərgi Mərkəzində “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisi ilə tanış olublar. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Sərginin üç pavilyonunda Azərbaycanın sənaye, energetika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sahibkarlıq, nəqliyyat, turizm, fövqəladə hallar, şəhərsalma, səhiyyə, elm və təhsil, gənclər və idman, ekologiya, su və kanalizasiya, mədəniyyət və digər sahələrdə qazandığı nailiyyətlər, regionların sosial-iqtisadi inkişafının əsas göstəriciləri nümayiş etdirilir.
Mərkəzin birinci sərgi salonunda 14 sahə üzrə 51 dövlət qurumu və 70-dən artıq özəl şirkət təmsil olunur.
Dövlət başçısı və xanımı sərgidəki stendə tamaşa etdikdən sonra sərginin açıq havada təşkil edilmiş və Azərbaycanda istehsal olunmuş məhsulların nümayiş etdirildiyi hissə ilə tanış olublar.