MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkiləri zamanı səsvermənin nəticələrinə təsir edəcək pozuntular aşkar etməyib.
“Sözsüz ki, ayrı-ayrı çatışmazlıqlar və pozuntular olub, lakin onlar kütləvi və sistemli deyil, texniki xarakter daşıyıb. Və müvafiq olaraq onlar prezident seçkilərində Azərbaycan xalqının azad iradə ifadə etməsinə qətiyyən təsir göstərə bilməzdi”, - deyə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının əlaqələndiricisi, Rusiya Dövlət Dumasının müşahidəçilərdən ibarət nümayəndə heyətinin rəhbəri, Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutski bəyan edib. Bu barədə onun mətbuat xidməti cümə axşamı məlumat yayıb.
L.Slutskinin sözlərinə görə, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyası Birlik ölkələrinin yeddi milli parlamentini təmsil edən 15 deputatdan ibarət olub. Missiya avqustun 1-dən sentyabrın 6-dək Azərbaycanda prezident seçkilərinə hazırlığın uzunmüddətli monitorinqini keçirib. Onun nümayəndələri respublikanın 75%-ə qədər əhalisinin yaşadığı rayonlarda olublar.
“Qeyd etmək olar ki, seçkilərə hazırlıq indiyə kimi görülməmiş dərəcədə ciddi və müfəssəl surətdə aparılıb. Əgər 2008-ci ilin prezident seçkilərində və 2010-cu ilin parlament seçkilərində baş verənləri müqayisə etsək – o zaman müxtəlif müşahidə missiyalarından da çoxlu sayda iddialar var idi – cari seçkilər zamanı bu irad və iddiaların böyük əksəriyyəti aradan qaldırılıb”, - deyə L.Slutski qeyd edib.
Missiyanın müşahidəçiləri seçki komissiyalarında səslərin hesablanmasında da iştirak ediblər.
“Burada da hər şey maksimum dərəcədə şəffaf, sistemli və açıq şəkildə təşkil olunmuşdu. Aşkar pozuntular yoxdur, nəyə isə irad tutmaq çətindir. Seçkilər hər mənada maksimum dərəcədə peşəkar səviyyədə təşkil olunmuşdu”, - deyə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının əlaqələndiricisi söyləyib.
Onun fikrincə, keçirilən seçkilər qabaqcıl texnologiyalar və yeniliklərə görə MDB ölkələrində və onun hüdudlarından kənarda “seçki kampaniyalarının keçirilməsində bu təcrübədən istifadə nöqteyi-nəzərindən” diqqətə layiqdir.
“Həm də qeyd etmək istərdim ki, “insan simalı seçkilər” keçirilib. Burada hər şey seçicilər və müşahidəçilər üçün ətraflı düşünülmüş şəkildə təşkil edilmişdi”, - deyə L.Slutski bildirib.
Dövlət başçısı İlham Əliyev oktyabrın 9-da prezident seçkilərində seçicilərin 84,59% səsini toplayıb.