Azərbaycan hökuməti 2014-cü ildə “Aqrolizinq” ASC-yə 35 mln. manat ayırmağı planlaşdırır, bu isə 2013-cü il üçün maliyyələşdirmə həcminə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Bu vəsaiti “Aqrolizinq” kənd təsərrüfatı texnikasının alınması və lizinqə verilməsi ilə bağlı əməliyyatların genişləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi üçün alacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci ilə qədər “Aqrolizinq”in sərəncamında olan vəsaitin həcmi 643,2 mln. manata (2014-cü ilə planlaşdırılan vəsait nəzərə alınmaqla – İF-Az), həmçinin büdcə vəsaitləri 453,4 mln. manata, ASC-nin qaytarılan vəsaitləri 189,8 mln. manata çatacaq.
Bundan başqa, gələn il dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 mln. manatın ayrılması planlaşdırılır (2013-cü ildə 8 mln. manat – İF-Az). 2015-ci ilə qədər Dövlət Agentliyinin sərəncamında olan vəsaitlər 104,4 mln. manata, büdcə vəsaitləri 64 mln. manata, əvvəllər verilmiş kreditlər üzrə qaytarılan vəsaitlər 40,4 mln. manata çatacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ilin oktyabr ayında yaradılıb. Agentlik 2007-ci ildən kredit verməyə başlayıb.
Kreditləşdirmə qaydalarına əsasən, agentlik kənd təsərrüfatı sahəsində infrastrukturun yaradılmasına, təsdiq edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəlmiş layihələri kreditləşdirir. Bundan başqa, kreditləşdirmədə əsas diqqət kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, fermerlərin meliorasiya və irriqasiya avadanlığı ilə təminatının yaxşılaşması, qida məhsulu sektorunun müasirləşdirilməsi və inkişafı, kənd təsərrüfatı texnikasının alınması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.
“Aqrolizinq” ASC 2004-cü ildə təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.