Prezidentliyə namizəd Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyanın sədri postundan istefa verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiya sədrinin birinci müavini, İcra Aparatının rəhbəri Həsrət Rüstəmov məlumat verib.
Qeyd olunub ki, S.Cəlaloğlu partiya sədri vəzifəsindən istefa etməsi barədə ərizəni İcra Aparatına təqdim edib.
S.Cəlaloğlu qərarını onunla əsaslandırır ki, 2005-ci ildə irəli sürdüyü konstruktiv müxalifətçilik kursu ölkə ictimaiyyəti tərəfindən dəstəklənməyib, “buna görə bu ideyanı iflasa uğramış hesab edirəm”.
“2013-cü il prezident seçkilərindəki məğlubiyyətin bütün məsuliyyətini öz üzərimə götürürəm. Bunları nəzərə alaraq, ADP-nin üzv və tərəfdarlarının apardığı mübarizəyə kölgə salmamaq məqsədilə partiyanın sədri vəzifəsindən istefa vermək qərarına gəlmişəm”, - deyə S.Cəlaloğlunun ərizəsində bildirilir.
İstefa ərizəsinə ADP İdarə Heyətinin növbəti iclasında baxılacaq. Hələlik isə partiyanın nizamnaməsinə görə, ADP sədrinin səlahiyyətlərini H.Rüstəmov icra edəcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatına əsasən, oktyabrın 9-da keçirilən prezident seçkilərində S.Cəlaloğlu 0,61% (22 728 səs) toplayaraq sonuncu 10-cu yeri tutub.