Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Bakı Dövlət Universitetinin (BDU) fəxri fərmanı ilə təltif olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov bazar ertəsi Yaponiyanın Bakıdakı səfiri Ş.Vatanabe və onun xanımı Atsuko Vatanabeni qəbul edib.
A.Məhərrəmov səfir tərəfindən Azərbaycanda elmin və təhsilin inkişafına verilən dəstəyi yüksək qiymətləndirib, onun fəaliyyəti dövründə Yaponiyaya təhsil almağa getmiş tələbələrin sayının artdığını deyib.
A.Vatanabe BDU-nun Şərqşünaslıq fakültəsinin Yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrinə yapon mədəniyyəti, dili və incəsənəti mövzusunda mühazirə oxuyub. Artıq universiteti bu ixtisas üzrə 70 nəfər bakalavr, 11 nəfər isə magistr pilləsində başa vurub. Hazırda 3 nəfər Yaponiyada magistr təhsili alır.
A.Məhərrəmov yaxın vaxtlarda diplomatik fəaliyyəti başa çatacaq Ş.Vatanabeyə BDU qarşısındakı xidmətlərinə görə universitetin fəxri fərmanını təqdim edib.
Səfir universitetdə yapon dili və ədəbiyyatını öyrənən tələbələr arasında 12-ci Bakı Yapon dili Natiqlik Müsabiqəsi keçirib və 5 tələbəni mükafatlandırıb.