SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ ) “Darvin bankası” yatağında yeni 740 saylı özülü istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Neftqaztikinti” Tresti yeni 740 saylı stasionar dəniz özülünün inşasını başa çatdırıb. Özül Dövlət Qəbul Komissiyası tərəfindən istismara təhvil verilib”, - deyə məlumatda qeyd olunur.
Səkkiz istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 10 metr dərinliyində yerləşdirilib. 8 bloklu özül hər biri 36 metr uzunluğunda iki hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir. Özüldən qazılacaq quyuların orta dərinliyi 1040 metr təşkil edəcək.
Özülün ümumi sahəsi 3000 kvadrat metr təşkil edir.
Özüldə ən müasir qazma avadanlığı, yeddi yanalma meydançası, dörd minik meydançası, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə üç ədəd dizel elektrik aqreqatı quraşdırılıb.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.