“SOCAR Georgia Gas” şirkəti (Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi, ARDNŞ) Gürcüstanda yeni qaz kəmərləri istismara verib. Bu barədə SOCAR-ın saytında dərc edilmiş məlumatda bildirilir.
Qaz kəmərləri Gürcüstanın Marneuli rayonunun Sadaxlı və Kvareli rayonunun Qremi kəndlərində istismara verilib.
2009-cu ildən Marneuli şəhərində və Marneuli rayonunun kəndlərində 404 kilometrlik qaz kəməri çəkilib istismara verilib, 9742 abonent təbii qazla təmin olunub. Sadaxlı kəndində 1944 abonentin təbii qaza olan ehtiyacını ödəmək üçün uzunluğu 74,5 kilometr olan qaz kəməri çəkilib.
2013-cü ilin əvvəlində Kvareli rayonunun Qremi kəndində 2,6 kilometrlik kəmər çəkilib təhvil verilib, 46 abonent qazla təmin olunub.
Kvareli şəhərində və Kvareli rayonunun kəndlərində artıq 170 kilometr uzunluğunda qaz kəməri istismara verilib, 4852 ailə təbii qazla təmin olunub.
2014-cü ilə kimi Marneulidə daha 114 kilometrlik qaz kəmərinin çəkilişi və 12 749 abonentin təbii qazla təminatı, Kvarelidə isə 26 kilometrlik qaz kəmərinin çəkilişi və 5692 abonentin təminatı planlaşdırılır.