Qarabağ Azadlıq Təşkilatı Biryulevoda qətl törətməkdə şübhəli bilinən Orxan Zeynalova və ümumilikdə Azərbaycana qarşı Rusiyanın rəsmi KİV-lərində, həmçinin rəsmi dairələrində aparılan qərəzli təbliğatı pisləyib.
“O.Zeynalovun təqsiri məhkəmə yolu ilə sübut edilərsə, o zaman biz ona istənilən növ cəzanın verilməsinə tərəfdar olacağıq. Lakin biz günahı sübuta yetirilmədən O.Zeynalovun cinayətkar elan edilməsini, bunun vasitəsilə də Azərbaycana qarşı çirkin kampaniya aparılır, Rusiyada Azərbaycana qarşı mənfi münasibətin yaradılmasını və gücləndirilməsini yolverilməz hesab edirik”, - deyə QHT-nin cümə axşamı yaydığı bəyanatda bildirilir.
Müəlliflər qeyd edirlər ki, Azərbaycanda 100 mindən çox rusa qarşı tolerant münasibət fonunda Rusiyada azərbaycanlılara qarşı dözümsüzlük nümayiş etdirilir.