Moskvanın Biryulevo rayonunda qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun vəkili cümə axşamı onunla görüşəcək.
“Orxan Zeynalovun hüquqlarını qorumaq məqsədilə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən tutulan vəkil bu gün onunla görüşəcək. Vəkillə yanaşı, O.Zeynalovu konsul və tərcüməçi də ziyarət edəcək”, - deyə Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev cümə axşamı “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verib.
Bununla yanaşı, o, təqsiri hələ sübuta yetirilməmiş O.Zeynalovun milli mənsubiyyəti ilə spekulyasiyanın yolverilməz olduğunu bəyan edib. “Azərbaycan diasporunun Rusiyada həyat şəraiti pis deyil. Həmvətənlərimiz Rusiyanın bütün regionlarında təmsil olunublar. Demək olmaz ki, azərbaycanlılara münasibət pisdir. Lakin şouya çevirdikləri son hadisə bizi narahat edib”, - deyə İ.Hacıyev vurğulayıb.
“Aranı qızışdırmaq lazım deyil. Sadəcə istintaqın düzgün aparılmasına şərait yaratmaq lazımdır. Biz O.Zeynalova haqq qazandırmırıq. Əksinə, əgər o günahkardırsa, əməlinə görə qanun çərçivəsində cavab verməlidir”, - deyə o əlavə edib.
İ.Hacıyevin sözlərinə görə, bu cür insidentlər Moskvada hər gün baş verir, “lap bu yaxınlarda bir özbək və bir azərbaycanlı öldürülüb”.
O, həmçinin vurğulayıb ki, hökumətin Biryulevo rayonundakı bazarla bağlı öz maraqları var. “Biz ölkənin daxili işlərinə qarışa, niyə bazarı bağlayıb onun yerində park inşa etdiklərini soruşa bilmərik”, - deyə diaspor nümayəndəsi bildirib.