Moskvanın Biryulevo rayonunda qətl törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun valideynləri övladlarının bu cinayətdə əli olmadığını düşünürlər.
“Mən belə bir halın olacağına inanmıram, əgər bu doğrudan da baş veribsə, mən mərhumun valideynlərindən üzr istəyirəm. Heç bir valideyn oğlunun qətl törətməsini istəməz”,- deyə Orxanın Şəmkir rayonunun Seyfəli kəndində yaşayan atası Zahid Zeynalov bildirib.
Bununla yanaşı, Z.Zeynalov hüquq-mühafizə orqanları tərəfindən övladlarının hüquqlarının pozulmasının yolverilməz olduğunu bildirib.
“Hər ölkənin öz qanunları var. Əgər o, cinayət törədibsə, cəzalanmalıdır. Ona fiziki təsir göstərmək, kobud davranmaq olmaz. Baş verənləri araşdırmaq lazımdır”,- deyə şübhəli bilinən atası vurğulayıb.
Onun sözlərinə görə, Orxan heç bir zaman Azərbaycanda cinayətkar kimi axtarışda olmayıb, o, idmanla məşğul olub və narkotiklərdən uzaq durub.
“Əgər o, belə işlərlə məşğul olsaydı, onunla birgə orada işləyən əmiləri mütləq bu barədə mənə xəbər verərdilər”, - deyə Z.Zahidov bildirib. O, oğlunun rus millətinə qərəzli münasibət bəsləməsinin imkansız olduğunu söyləyib.
“Mən özüm rus ordusunda xidmət etmişəm, biz hər zaman ruslarla dost münasibətdə olmuşuq”, - deyə Z.Zeynalov bildirib.
O.Zeynalovun anası Yasəmən Zeynalova da oğlunun cinayətkar olduğuna inanmır.
“Mən axırıncı dəfə onunla oktyabrın 15-də danışmışam. O, cinayət törətmədiyini və günahkar olmadığını söylədi. Onu kiminləsə dəyişik salıblar. Orxan bu günə qədər polisə düşməyib. Nə üçün onu döyürlər? O heç nə etməyib”, - deyə Y.Zeynalova bildirib.
O.Zeynalovun qardaşı Elşad Zeynalov da onun günahkar olmadığına əmindir.
“O, orduda xidmət edib. Son üç il yarımdır ki, Rusiyada ticarətlə, fəhləliklə məşğul oluib”, - deyə E.Zeynalov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, 29 yaşlı O.Zeynalov subaydır və iki bacısı var.