Oktyabrın 18-də prezident İlham Əliyev Bakının Xətai rayonu ərazisində “Gilan Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışında iştirak edib. Bu barədə rəsmi mətbuatın məlumatında deyilir.
Bu zavod Azərbaycan prezidentinin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq dövlətin güzəştli krediti və “Gilan Holdinq” MMC-nin vəsaiti hesabına yaradılıb.
Dövlət başçısı müəssisəni işə salıb və istehsal prosesi ilə tanış olub.
Bildirilib ki, zavodda quraşdırılan ən müasir avadanlıq istehsal prosesinin tam avtomatlaşdırılmış qaydada aparılmasına imkan verir. Müəssisədə ümumilikdə 50 çeşiddə çörək və çörək məmulatı istehsal olunur.
Sonra prezident Xətai rayonundakı Rahib Məmmədov küçəsində yenidən qurulan parkda yaradılmış şəraitlə tanış olub.
Ərazisi 1,8 hektar olan parkda yenidənqurma işlərinə bu ilin yanvarında başlanılıb, avqustda başa çatdırılıb. Parkda geniş yaşıllıq zolağı salınıb, attraksionlar, fəvvarə kompleksi, ana və uşaq kafesi və s. yaradılıb.