2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda qızıl hasilatı 1 173,5 kq təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında 531 kq gümüş hasil edilib (artım 11,4%).
Hasil olunan qızıl və gümüş emala göndərilib.
2012-ci ildə Azərbaycanda 1 562,8 kq qızıl, 625,8 kq gümüş istehsal olunub.
Xəbər verildiyi kimi, hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” yatağından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis hasilatı planlaşdırılır.