2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarətdə müsbət saldosu $9 mlrd. 988 mln. 824,85 min təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $26 mlrd. 127 mln. 23,29 min təşkil edib (artım 6,39%).
Bu dövrdə ixracın həcmi $18 mlrd. 57 mln. 924,07 min, idxalın həcmi $8 mlrd. 69 mln. 99,22 min təşkil edib. 2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac 1,51%, idxal 19,22% artıb.
İxracın strukturunda 84,75% neftin, 4,95% neft məhsullarının, 3,09% təbii qazın, 0,69% meyvə-tərəvəz məhsullarının, 0,17% çayın, 0,93% bitki və heyvan mənşəli yağların, 1,03% qəndin, 0,13% spirtli və spirtsiz içkilərin, 0,23% kimya məhsullarının, 0,1% pambıq lifinin, 0,46% qara metal və ondan hazırlanan məmulatların, 0,34% alüminium və ondan hazırlanan məmulatların payına düşüb.
İdxalın strukturunda 10,67% ərzaq məhsullarının, 3,11% tütün və tütün məhsullarının, 1,44% sementin, 2,33% əczaçılıq məhsullarının, 3,01% odun və agac məhsullarının, 11,18% qara metal və ondan hazırlanan məmulatların, 24,87% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,89% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,83% mebelin payına düşüb.
Hesabat dövründə xarici ticarət əməliyyatlarında 3460 dövlət və özəl müəssisə və 2531 fiziki şəxs iştirak edib.
Yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 144 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Hesabat dövründə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (24,4%), İndoneziya (12,66%), Tayland (8,05%), İsrail (5,1%) və Almaniya (4,97%) idxal əməliyyatlarını isə Rusiya (14,4%), Türkiyə (13,57%), Böyük Britaniya (11,36%), Almaniya (7,11%) və Çin (5,64%) ilə həyata keçirib.