ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin müntəzəm pozulmasında Ermənistanın təqsirkar olduğunu açıq şəkildə bildirmək istəməməsi İrəvanın cəzasız qalma hissini gücləndirir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.
“Cənab Kaspşik və onun səhra köməkçilərinin mənə məlum olmayan hansısa səbəblərdən atəşin hansı istiqamətdən açılmasını müəyyənləşdirməkdə və ümumiyyətlə dəfələrlə üzləşdikləri bu vəziyyəti qiymətləndirməkdə çətinlik çəkmələri cəzalandırılmama hissi yaradır”, - deyə A.Əzimov bazar ertəsi jurnalistlərə ötən həftə təmas xəttində ATƏT-in monitorinqinin pozulması ilə əlaqədar şərh verərkən bildirib.
Daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, monitorinq keçirilən zaman 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması monitorinqin dayandırılmasına səbəb olub.
A.Əzimov deyib ki, “bu cür qətiyyətsizlik və ya saxta qərəzsizliyə riayət etmə cəhdi” Ermənistanın bundan sonra da atəşkəs rejimini pozmasına gətirib çıxarır.
“Hesab edirəm ki, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması və vəziyyətin normallaşdırılması istiqamətində konkret işlərin görülməsi üçün şəraitin yaradılması ən doğru addım olardı.
Diplomat qeyd edib ki, Ermənistan tərəfi “praktiki olaraq hər gün bu cür təxribatçı addımlar atır və 1997-ci ildən Azərbaycan tərəfi ATƏT nümayəndələrinin bu hərəkətlərə dəqiq qiymət verməsinə nail ola bilmir.
“Əgər bu qiymət vaxtında verilsəydi, ola bilsin ki, bu gün kimsə monitorinq zamanı atəşkəs rejimini pozmağa cəsarət etməzdi”,- deyə nazir müavini vurğulayıb.
Dağlıq Qarabağ üzrə danışıqlar prosesində mövcud vəziyyətə toxunan A.Əzimov bu mərhələdə sülh prosesində hər hansı irəliləyişin olmadığını söyləyib. “Hələ ki, müzakirələr aparılmır, yalnız ayrı-ayrı görüşlər keçirilir. Müzakirələr üçün biz qarşı tərəfin hazır olmasını görməliyik. Bizim qiymətləndirmələrimizə görə, qarşı tərəf hələ ki, buna hazır deyil”, - deyə o bildirib.
Nazir müavini deyib ki, “yeni görüşlər keçirilə bilər və bu görüşlərin yüksək və qeyri-yüksək səviyyədə keçirilməsi nəzərdə tutulur, lakin mənim şəxsi mövqeyim belədir ki, görüş xətrinə görüş keçirmək mənasızdır”.
“Danışıqların mahiyyətini təşkil edəcək məsələlərdə irəliləyiş imkanı müşahidə edilərsə, mənə elə gəlir ki, Azərbaycan belə görüşdən qaçmaz. Lakin hələlik bu istiqamətdə irəliləyiş yoxdur. Biz yalnız ümid edirik”, – deyə A.Əzimov qeyd edib.