1 oktyabr 2013-cü il tarixinə Azərbaycanda 2 mln. 637,028 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisindən 14,7% çoxdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir.
“2013-cü ilin yanvar-sentyabr aylarında 370,954 min nəfərə sosial sığorta üzrə fərdi hesablar açılıb”, - deyə məlumatda bildirilir.
Sosial sığorta üzrə fərdi hesablar açılan şəxslərin 58,6%-ni kişilər, 41,4%-ni qadınlar təşkil edir.
DSMF-in məlumatına görə, fərdi hesablara malik şəxslərin əksəriyyəti 30 yaşa qədər çalışan vətəndaşlardır. Onlar bütün sosial sığorta ödəyicilərinin 23,9%-ni təşkil edir.
Fərdi hesablar həmçinin 30-40 yaş aralığında 23,5%, 40-50 yaş aralığında 22,7%, 50-60 yaş aralığında 20,3%, 60 yaşdan yuxarı 9,6% sosial sığorta ödəyicisi üçün açılıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır.