2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşlarının həcmi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 39,3% - 5 mlrd. 72,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2013-cü ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına qoyulan bütün investisiyaların 42,9%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiyalar 3 mlrd. 438,1 mln. manat (artım 33%) təşkil edib.
Yanvar-sentyabr aylarında emal sənayesinə investisiya qoyuluşları 632,8 mln. manat (artım 62,7%) təşkil edib.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 251 mln. manat (azalma 1,7%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 750,4 mln. manat (artım 81,9%) investisiya qoyulub.
Bundan başqa, 9 ay ərzində nəqliyyat və anbar təsərrüfatı sahəsinə 2 mlrd. 574,1 mln. manat (artım 51,6%), rabitə və informasiya sahəsinə 137,9 mln. manat (azalma 37,4%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 817 mln. manat (azalma 8%), təhsil sahəsinə 513,7 mln. manat (azalma 7,8%) investisiya qoyulub.
Yanvar-sentyabr aylarında yaşayış evlərinin tikintisi sahəsinə 899.7 mln. manat (artım 3,3%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.