2013-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) ÜDM istehsalı 10,6% - 1 mlrd. 586,996 mln. manata qədər artıb. Bu barədə muxtar respublikanın Dövlət Statiska Komitəsinin məlumatında deyilir.
“Cari ilin 9 ayı ərzində əhali arasında adambaşına düşən ÜDM 2012-ci ilin analoji dövrü ilə müqayisədə 9,3% - 3 685,5 manatadək artıb”, - deyə məlumatda qeyd edilir.
Hesabat dövrü ərzində muxtar respublikada 702,164 mln. manatlıq (artım 13,1%) sənaye məhsulu istehsal olunub. Dövlət sektorunda sənaye istehsalı 47,826 mln. manat, qeyri-dövlət sektorunda 654,338 mln. manat təşkil edib.
2013-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala investisiyalar 802,853 mln. manat (artım 9,8%) təşkil edib ki, bunun da 708,101 mln. manatı və ya bütün investisiyaların 88,2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Statistik məlumata görə, 9 ay ərzində muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsal həcmi 259,330 mln. manat (artım 6,9%) təşkil edib, hesabat dövründə nəqliyyat sahəsində 11 mln. 51,5 min ton yük daşınıb (artım 10,2%), rabitə və informasiya sahəsində əhaliyə 35 mln. 48,7 min manatlıq (artım 6,6%) xidmət göstərilib.
Hesabat dövründə pərakəndə mal dövriyyəsi 767 mln. 441,2 min manat (artım 15,7%) təşkil edib, əhaliyə pullu xidmətlərin həcmi 16,5% - 122,811 mln. manatadək artıb.
Hesabat dövründə Naxçıvan MR-in büdcə gəlirləri 7,2% - 85,665 mln. manatadək, xərcləri 25,7% - 518 mln. 133,2 min manatadək artıb.
Məlumatda qeyd edilir ki, hesabat dövründə əhalinin nominal pul gəlirləri 5,9% - 1 mlrd. 192,143 mln. manatadək, aylıq nominal əmək haqqı 4% - 375,8 manatadək artıb.
Bu dövrdə MR-də 1767 yeni iş yeri açılıb ki, onun da 92,4%-i daimidir.
2013-cü ilin 9 ayı ərzində muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi $357,313 mln. (artım 13,7%), o cümlədən ixrac $265,641 mln., idxal $91,672 mln., xarici ticarətdə müsbət saldo $173,969 mln. təşkil edib.