Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Bakıda bir neçə mənzili qarət etmiş iki nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Baş Polis İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Zöhrab Şirinov və Aleksandr Feradze saxlanılıb.
İstintaq müəyyən edib ki, iyunun 25-də həmin şəxslər vətəndaş İlqar Məmmədovun mənzilindən 8,5 min manat və qızıl-zinət əşyaları, avqustun 21-də vətəndaş Rəsul Hüseynovun mənzilindən 1000 manat, 2,8 min ABŞ dolları, 2 ədəd noutbuk və 1 ədəd mobil telefon, avqustun 28-də vətəndaş Nazim Gözəlovun mənzilindən 8 min manat və qızıl-zinət əşyaları, sentyabrın 19-da vətəndaş Vahid Nağıyevin mənzilindən 2,2 min manat, qızıl sırğalar və fotoaparat, sentyabrın 20-də vətəndaş Nicat Əliyevin mənzilindən qızıl-zinət əşyaları oğurlayıblar.
İstintaq şübhəli bilinən şəxslərin analoji xarakterli digər cinayətlər törətməsini istisna etmir.