Azərbaycan və Macarıstan hökumətləri sosial sığorta və pensiya təminatı sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzamağı planlaşdırır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında qeyd olunur.
Macarıstan nümayəndə heyəti DSMF ilə əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Bakıda səfərdədir.
“DSMF sədri Səlim Müslümov ilə görüş zamanı Macarıstanın Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin baş direktoru Yozef Mezaroş qeyd edib ki, Macarıstan Azərbaycanla sığorta-pensiya sistemi sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır”, - deyə məlumatda bildirilir.
Baş direktor Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları yüksək qiymətləndirib və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Hazırda Azərbaycan 10 ölkə ilə pensiya təminatı sahəsində əməkdaşlığa dair sazişlər imzalayıb və reallaşdırır.