Ombudsman Elmira Süleymanova «Bizim Yol» qəzetinin əməkdaşı Pərviz Həşimovun ailəsi ilə görüşməsi, yazışması və istədiyi qəzetlərin ona verilməsi barədə xahişi ilə Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.
Ombudsman Aparatının məlumatına görə, MTN-in Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəisi ilə əlaqə saxlanıldıqdan sonra məlum olub ki, P.Həşimovun saxlanılma şəraiti və rəftarla bağlı şikayəti yoxdur. Onun qaldırdığı digər məsələlər də qanunvericilik çərçivəsində öz həllini tapır.
“Bizim yol” qəzetinin müxbiri və moderator.az portalının baş redaktoru P.Həşimov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli bilinərək sentyabrın 17-də cinayət məsuliyyətinə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.