İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Hikmət Məmmədovu 1,3 min manat məbləğində cərimə edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Fiziki şəxsə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilib və qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən onun barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
“Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə H.Məmmədov barəsində 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”, - deyə məlumatda qeyd olunur.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiq edilib.